Ana səhifə
> Üz səhifə >
Qardaş birliyi.
Qardaş birliyi.
12-04-2021, 23:26
Ulu öndər Heydər Əliyevin dahiyanə şəkildə elan etdiyi "tək millət - iki dövlət". Bəli iki dövlət və tək millət. Bu sözlər Azərbaycan və Türkiyə dostluğunu bütün dünyaya bəyan edir. Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən bu ənənə bu gün çox yüksək səviyyədə davam etdirilərək iqtisadi, siyasi və mədəni əlaqələr getdikcə inkişaf etməkdədir.
Qədim tarixə malik bu dostluq Atatürk və Nərimanov arasında da öz əksini tapmışdır. 1921-ci ildə Mustafa Kamal Paşa Azərbaycan hökumət başçısı Nərimanova məktub göndərərək ondan borc pul istəmişdi. Azərbaycan hökuməti tərkibindəki bəzi nümayəndələrin etirazına baxmayaraq, Nərimanov Atatürkün bu istəyini yerinə yetirmiş, əvvəl 500 kiloqram qızıl, sonra on milyon qızıl rubl göndərmişdi. Üstəlik, Türkiyənin tələbi olmadan Nərimanov yenidən 30 sistern neft, 2 sistern benzin, 8 sistern yağ yollamışdı. Bu savaş içərisində olan qardaş Türkiyəyə böyük dəstək idi.
Qardaş dövlətin qələbə qazanması münasibətilə Mustafa Kamal Paşaya yazdığı məktubunda Türk xalqının qazanılan uğurlarla imperializmdən qurtulma günlərinin yaxınlaşdığını, buna görə Türk xalqını təbrik etdiyini bildirir və sonra əlavə edirdi: “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacaq və tutmağa davam edəcəyik”
Biz, Türkiyə və Azərbaycan, bəlkə də, dünyada nadir ölkələrik ki, bizə qarşı çox böyük təşkilatlanmış, böyük maliyyə imkanlarına malik olan erməni lobbisi və dünya erməniləri bizə qarşı kampaniya aparırlar. Başqa ölkələrin belə problemləri yoxdur. Amma bizə qarşı əsassız ittihamlar, əsassız iddialar, düşmənçilik addımları var və əlbəttə, bu bizi biganə qoya bilməz. Biz buna hazır olmalıyıq. Ermənistanın, erməni lobbisinin və onun himayəsi ilə bəzi inkişaf etmiş ölkələrin riyakar siyasətçilərinin əsassız ittihamlarına qarşı biz öz həqiqətimizi qoymalıyıq. Çünki haqq-ədalət bizim tərəfimizdədir.
Erməni lobbisi və Ermənistan 1915-ci ilin hadisələrinə görə Türkiyəni daim bütün ölkələrdə günahlandırmaq istəyir. Bütün ölkələrin parlamentlərində qondarma “soyqırımı”nı tanıtdırmaq istəyir. Bu böyük erməni yalanıdır, böyük erməni təxribatıdır. Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub, yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqırım deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma “faktları” əsasında qərar qəbul edirlər. Biz buna qarşı öz siyasətimizi, öz həqiqətimizi qoymalıyıq, öz təbliğatımızı, öz gücümüzü qoymalıyıq.
Biz indi bunu edirik və bu sahədə Türkiyə dövlətinin, türk xalqının fəal çalışmaları nəticəsində Amerika Konqresinin Xarici əlaqələr komitəsində qəbul edilmiş ədalətsiz qərarın müzakirəsi dayandı və onun davamı olmadı. Yəni bu, Türkiyənin gücü hesabına mümkün oldu. Amma burada, əlbəttə ki, müxtəlif amillərin mövcudluğu vacibdir. Təbliğat, bizim həqiqətə əsaslanmış sözlərimiz və eyni zamanda, bizim gücümüz. Bizim gücümüz isə birliyimizdədir. Biz nə qədər güclü olsaq, bizim həqiqətimiz də bir o qədər üstün olacaqdır. O qədər də bizim sözümüzü eşidəcəklər, bizim sözümüzlə hesablaşacaqlar. Ona görə bir daha mən bu məsələyə qayıtmaq istəyirəm ki, bizim birliyimiz ölkələrimizin gələcəyi üçün başlıca şərtdir və bizim gücümüz bundadır.
Azərbaycana qarşı uzun illər aparılan işğalçı siyasət, əfsuslar olsun ki, dünya birliyi tərəfindən lazımi səviyyədə pislənmir. Azərbaycanın ərazi bütövlüyü pozulmuşdu. Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox soydaşımız qaçqın, köçkün vəziyyətinə düşub. Azərbaycanın işğal olunmuş əraziləri tamamilə dağıdılıb. Bizim məscidlərimiz, qəbirlər, bütün binalarımız orada yerlə-yeksan edilib. Heç kim buna reaksiya vermir. Heç kim buna görə Ermənistanı cəzalandırmır. Bizim qarşımızda seçim qalmır. Biz nə etməliyik?! Biz sülh danışıqları aparmaqla çalışırdıq ki, öz ərazi bütövlüyümüzü danışıqlar yolu ilə bərpa edək. Amma görəndə ki, bu baş vermir, biz başqa üsullara əl atmağa məcbur olduq.
Bu yolda qardaş birliyi özünü göstərdi. Ermənistanın təcavüzkar siyasətinə qarşı mübarizəsində Türkiyə qardaş dövlətin Azərbaycanla həm cəbhədə, həm də diplomatik səviyyədə mübarizədə yanında olması bu qardaşlığın daha möhkəm olduğunun göstəricisi oldu. Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.
44 gün yanımızdan bir an da olsun çəkilməyən, ürəyi daim bizimlə vuran qardaşımız bu gün işğaldan azad edilmiş Qarabağın bərpa olunmasında da dəstəyini əsirgəmir. Elindən , obasından ayrı düşmüş, o ellərin həsrətini çəkən birisi olaraq bu günkü zəfərlə qürur duyuram. Uşaqlıq illərində ayrıldığım doğma elimə, illər boyu xatirələri ilə təsəlli tapdığımız Zəngilanıma, Qubadlıma qayıdacağım günü səbirsizliklə gözləyirəm.
Geri