Ana səhifə > Üz səhifə / TGT > UNEC –in Qida Sənayesi Kollecində “Hüseyn Cavid - 140” adlı tədbir keçirilib
UNEC –in Qida Sənayesi Kollecində “Hüseyn Cavid - 140” adlı tədbir keçirilib17-12-2022, 20:00 |
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan kollecin Həmkarlar İttifaqının sədri Sevinc Şərifova şairin ilk poemalarını hələ XX əsrin əvvəllərində yazdığını və yazdığı ilk poemalarının əsasən lirik-romantik, yaxud romantik-fəlsəfi əsərlərdən ibarət olduğunu deyib: “Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlıdır. Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Atilla” (Gözəl Eyida), “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğlu” adlı əsərləri isə müsadirə olunub. “Mənim Tanrım gözəllikdir, sevgidir”, - deyən Hüseyn Cavid dramaturq olmazdan öncə romantik şair, sevgi və gözəllik aşiqi kimi tanınıb. Onun poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inam öz əksini tapıb”. Kollecin direktoru Vilayət İsmayılov isə çıxışı zamanı öz çıxışında idealla varlıq arasındakı ziddiyyət, ideal həqiqət axtarıcılığına istiqamətlənən xəyallardan yaranan lirik-fəlsəfi düşüncələrin Cavid şeirinin başlıca məzmununu təşkil etdiyini, narahat düşüncələr və zəngin xəyallarla yaşayan filosof xarakterli bir aşiq olduğunu qeyd edib. Firudin Orucov Hüseyn Cavidi ədəbiyyat tarixində ən çox məşhurlaşdıran və ona böyük şöhrət qazandıran dram əsərlərindən danışmış, onu Azərbaycan romantik mənzum dramaturgiyasının yaradıcısı və banisi kimi qiymətləndirib. Tərbiyə işləri üzrə direktor müavini Sevinc Həmzəyeva Hüseyn Cavidi sovet rejiminin ən sərt təzyiqləri şəraitində belə, mənən sarsılmayaraq şəxsiyyətinin bütövlüyünü ləyaqətlə qoruduğunu qeyd edib. O Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşinin 40 il öncə uzaq Sibirdən vətəninə gətirilməsi və məzarı üzərində məqbərənin ucaldılması adı sovet totalitarizminin günahsız qurbanlarının rəmzinə çevrilən sənətkarın və 1930-cu illərdə repressiyalara uğrayan Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsi olduğunu deyib. Tədbirin bədii hissəsində tələbələrin istedadları nümayiş olunmuşdur. “Mənim tanrım”, “Qadın”, “Cavidin dili”, “Şarqı”, “Get”, “Qoca Türkün vəsiyyəti” adlı şeirlər səsləndirilmiş, “Qız məktəbində” şeiri səhnələşdirilib, “Ana”, “İblis”, “Azər” dramlarından parçalar səsləndirilmiş, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi “Kor ərəbin mahnısı” ifa edilib. Geri |