Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kollecində WUF13 çərçivəsində şəhərsalmaya həsr olunmuş dəyirmi masa keçirilib

Qida Sənayesi Kollecində WUF13 çərçivəsində şəhərsalmaya həsr olunmuş dəyirmi masa keçirilib


Dünən, 09:13
Qida Sənayesi Kollecində WUF13 çərçivəsində şəhərsalmaya həsr olunmuş dəyirmi masa keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində “Azərbaycanın beynəlxalq imicinin güclənməsində şəhərsalmanın rolu” mövzusunda dəyirmi masa təşkil olunub.

Dəyirmi masa tələbələr və akademik heyət arasında 17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində irəli sürülən təşəbbüslər ətrafında səmərəli müzakirə və fikir mübadiləsini hədəfləmişdir. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya üzrə Baş inzibatçısı Əfqan Mehdiyevin moderatorluğu ilə keçirilmiş, geniş təqdimatla müşayiət olunmuşdur.

Aparılmış müzakirələr zamanı qeyd olunub ki, müasir dövrdə şəhərsalma yalnız yaşayış məkanlarının planlaşdırılması ilə məhdudlaşmır, eyni zamanda ölkənin sosial-iqtisadi inkişafının, beynəlxalq imicinin formalaşmasında mühüm strateji rol oynayır. Vurğulanıb ki, qloballaşan dünyada şəhərlərin infrastrukturu, funksionallığı və estetik görünüşü dövlətin beynəlxalq aləmdə qəbuluna birbaşa təsir göstərən əsas faktorlardandır.
Fikir mübadiləsi gedişatında Azərbaycanın son illərdə həyata keçirdiyi şəhərsalma siyasəti və irimiqyaslı şəhərsalma layihələri vasitəsilə beynəlxalq imicini əhəmiyyətli dərəcədə gücləndirdiyi xüsusi diqqətə çatdırılıb. “Eurovision” Mahnı Müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Formula 1” yarışları və COP29 kimi qlobal tədbirlərin uğurla təşkili ölkəmizin həm təşkilatçılıq potensialının, həm də müasir infrastruktur imkanlarının göstəricisi kimi qiymətləndirilib.

Müzakirələrdə, həmçinin beynəlxalq tədbirlərin şəhər mühitinin inkişafını zəruri etdiyi, paytaxtda və digər iri şəhərlərdə aparılan abadlıq işlərinin, qurulan logistika və yol-nəqliyyat sistemlərinin vətəndaşların həyat keyfiyyətini yüksəltdiyi qeyd olunub. Eyni zamanda, tarixi-mədəni irsin qorunması ilə müasir memarlıq nümunələrinin yaradılması arasındakı balans, habelə ekoloji tarazlıq və “ağıllı şəhər” texnologiyalarının tətbiqi dəyirmi masanın əsas müzakirə mövzularından olub.

Qeyd edək ki, şəhərlərin dayanıqlı inkişafı sahəsində dünyanın ən nüfuzlu platformalarından biri olan WUF13-ə hazırlıq çərçivəsində Qida Sənayesi Kolleci oxşar elmi-praktik müzakirələrin təşkilini davam etdirməyi planlaşdırır.





Geri