Qəhrəmanlıq tariximizin “20 Yanvar”səhifəsi

Qəhrəmanlıq tariximizin “20 Yanvar”səhifəsi
20 Yanvar  faciəsindən 28 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq  təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 - cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda  günahsız insanların gülləbaran edilməsi əməliyyatı  SSRİ Müdafiə Nazirliyi, DİN  xüsusi təyinatları və SSRİ DTK-nın “A” təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu faciəni törədənlər  Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “erməni kartından” məharətlə istifadə etdi.Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi.Əslində isə bu açıq riyakarlıq, imperiyanın növbəti qəddarlığını ört-basdır etmək üçün qabaqcadan hazırlanmış iftiralar və böhtanlar idi.Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
O dönəmdə özlərini “azadlıq mücahidləri” kimi tanıdan Xalq Cəbhəsinin aparıcı üzvlərinin, həmçinin ölkəyə rəhbərlik edən Əbdülrrəhman Vəzirovun, Azərbaycan DTK  sədri Vaqif Hüseynovun  və hakimiyyətdə təmsil olunan digərlərinin öz vəzifələrini qoruyub saxlamaq üçün bu faciənin kütləvi qan-qada ilə müşayiət olunmasında rolu az olmayıb. İmperiya ordusunun hansı xislətdə olduğunu gizlətməklə onlar əliyalın insanları top-tüfəngin, tankların qabağına sürüklədilər. Əgər əsil həqiqəti xalqdan gizlətməsəydilər və imperiyanın tapşırıqlarını qul kimi icra etməsəydilər, kim bilir bəlkə də bu faciə baş verməzdi. Onlar isə azadlıq arzusunda olan əliyalın insanları aldatdılar, obyektiv gerçəkliyin nədən ibarət olduğunu ört-basdır etdilər.Son anda isə-faciə baş verən gecə qaçıb aradan çıxdılar.Yanvarın19-dan 20-nə keçən gecə bəzilərinin sədası yeyib-içmək məclisindən, bəzilərinin səsi isə xarici ölkələrdən eşidildi.Ambisiyalarından,  siyasi avantüralarından əl çəkməyən belə xəyanətkarlar sonradan arsız-arsız  deyirdilər ki, guya onların heç nədən xəbərləri olmayıb.
Xalq o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də  silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi - özü də imperiyanın mərkəzində, Moskvada...
SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı respublikalarda baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları səviyyəsində müzakirə edilsə də,  Azərbaycanda törədilmiş 20 Yanvar hadisələri şüurlu şəkildə təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum edilmişdi. Bircə faktı vurğulamaq yetər ki, SSRİ prezidenti M.Qorbaçov Azərbaycanda həyata keçirilmiş əməliyyata yalnız bir dəfə, 1991-ci ildə, 20 Yanvar faciəsinin ildönümündə Azərbaycan xalqına başsağlığı verməklə münasibət bildirmişdi.
 Beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin yanvarında Bakıda törədilmiş qanlı faciəyə fərqli prizmadan baxdı.  1990-cı ilin dekabrında isə Qorbaçova hətta Nobel sülh mükafatı da verildi. Azərbaycan o vaxtkı  rəhbərliyinin cəsarətsiz və qorxaq siyasəti, kölə psixologiyası üzündən 20 Yanvar nəinki beynəlxalq, hətta ittifaq müstəvisində  də layiq olduğu hüquqi-siyasi qiyməti almamışdı. Bu qanlı faciədən  sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik nümayişi idi.  Onların kölə psixologiyasının nəticəsi olaraq 20 Yanvar hadisələri yanlış yozuma və unutqanlığa məhkum edilmişdi. XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.
Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Heydər Əliyev  hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Və elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan olundu...
“20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu... Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda,  1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi...
Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi.Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub.1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də davamlı olaraq həyata keçirilir.
Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirənPrezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir.Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir.Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. Prezident İlham Əliyevin sərəncamına əsasən, Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu, abadlaşdırıldı...
Bu il xalqımız 20 Yanvar hadisələrinin 28-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq. Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizinbaşçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir.
Bakının ən mötəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı  xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
Tədbirdə Bakı Qida Sənayesi Kollecinin direktoru, professor Vilayət İsmayılov çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardığını vurğulamışdır.Sonra kollecin tədris işləri üzrə direktor müavini Teymuraz Əfəndiyev, tərbiyə işləri üzrə direktor müavini əvəzi Orxan Süleymanzadə, həmkarlartəşkilatının sədri Sevinc Şərifova çıxış etdilər. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı.















Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Elanlar