Anım Günü - Rayonlar

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu il  44 günlük Vətən müharibəsinin başlanmasının üçüncü ildönümüdür. Anım Günündə öz canları və qanları bahasına bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda dalğalandıran, qürur, iftixar mənbəyimiz, sinəsini düşmən gülləsinə sipər edən şəhid oğullarımızın əziz xatirəsini dərin hörmətlə yad edirik.
         Nədir şəhidlik? Şəhidlik Vətənə məhəbbətin zirvəsidir.  Şəhidlik adi ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.
         Bu gün bütün şəhidlərimizlə bərabər kollecimizin II Qarabağ müharibəsinin şəhid tələbələri Xudayev Yaşar , Qocayev Günəş, Kərimli Məhəmməd, Vətən onun həm anası, həm də atası olan, yetim qalmış arzularını torpağına, yurduna bağlayan Səbuhi Əhmədov, antiterror əməliyyatları zaman şəhid olan Fərid Nəbiyevin əziz xatirəsi də yad edilmişdir.
Hər il şəhid valideynləri qonaq qismində kollecə dəvət olunar,  Anım Günü ilə bağlı tədbirlər keçirilərdi. Bu il öz rayonlarında dərdlərinə şərik olmaq üçün şəhid ailələri ziyarət edilmişdir. Tərbiyə işləri üzrə direktor müavini Sevinc Həmzəyevanın rəhbərliyi ilə şöbə müdirləri Nəzakət Atakişiyeva, Aytən Ağayeva, müəllim Svetlana İsgəndərova ana və acısının yanında dəfn olunan şəhidimiz Günəş Qocayevin, anasız şəhidimiz Yaşar Xudayevin Quba rayonundakı qəbirlərini ziyarət etmişlər, evlərində qonaq olmuş, xatirələrdə yaşayan yarım qalmış ömürlərdən söhbət açmışlar.
         Qrup rəhbərləri Aygün Hacıyava, Zemfira Vəliyeva, Şəmistan Kərimov Neftçala rayonunda şəhidimiz Məhəmməd Kərimlinin ailəsində qonaq olmuşlar. Təhsil aldığı 4 saylı orta məktəbin direktoru Şəfəq xanımın da öyünə-öyünə danışdığı şəhidimizin medallarından, adının əbədiləşdirilməsindən söhbət edilmişdir.
         Bu ilki sentyabr antiterror hadisələrində şəhid olan Fərid Nəbiyevin yas mərasimində iştirak edən  Həmkarlar ittifaqının sədri Sevinc Şərifova, Möhlət Yusibova fikirlərini dilə gətirmək üçün sözlərin aciz qaldığını, qəlbinin dərinliyində dolaşan ağısı da, bayatısı  da, səssiz göz yaşları da ürəklərimizi göynədən şəhid anasının dərdinə şərik olmuş, itkimizin ağır olduğunu söyləmişlər.

Nə qədər bölünsə də azalmayacaq, zaman ötdükcə daha da dərin yaraya çevriləcək bir dərdimiz var. Solan ömürlər, yarım qalan arzularımız var.Və nə qədər ağrılı-acılı olsa da hər zaman “Vətən sağ olsun” deyən ailələrimiz var. Budur Vətən. “Torpqa uğrunda ölən varsa vətəndir."
         Məkanı cənnət olan, göylərdən baxan şəhidim, ruhun şad olsun!




         








Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031