28 May - Müstəqillik Günü - Azərbaycan Xalq Cümhuriyyətinin 106 illiyinə həsr olunmuş tədbir



Təqvimdə bayramlar az deyil, amma onlar içərisində mayın 28-i xüsusi anlam daşıyır. Əlbəttədə ki, hər bir bayramın böyüklüyü ilk növbədə həmin bayramla bağlı olan hadisənin xalqın tarixində tutduğu yer və dövlətin taleyində oynadığı rolla ölçülməlidir. Bu baxımdan yanaşsaq təqvimin bu günü tariximizə Müstəqillik günü kimi daxil olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin 106 illiyinə həsr olunmuş “28 May -Müstəqillik Günü” adlı tədbir keçirilmişdir. Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. İlk olaraq tarix müəllimi Gülnar Hacızadə çıxış edərək Xalq Cumhuriyyətinin yaranması tarixindən, Şərq- İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadə haqqında fikir söyləyərək onun XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdən olduğunu qeyd etmişdir. Daha sonra çıxış edən tarix müəllimi Xatirə Həsənova Cumhuriyyətin önəmindən və tarixdə tutduğu əhəmiyyətli yerdən danışaraq  Milli hökumətin fəaliyyəti ilə bağlı olan sənədlərin böyük bir hisssəinin halhazırda Gürcüstan dövlət arxivində saxlanıldığını vurğulamışdır. Azərbaycan tarixində xüsusi yeri olan Nuru paşadan danışarkən qürur hissi ilə qeyd etmişdir ki, 1918-ci ildə Bakının işğaldan azad edilməsində onun müstəsna rolu olmuşdur. Xatirə müəllim Ermənilərin fitvası ilə onu Gürcüstanda həbs edilməsindən, Azərbaycan milli hökumətinin nümayəndələrinin onu həbsaxanadan qaçırtmağa müvəffəq olaraq çətində qoymadıqlarını söyləyərək nitqini tamamlamışdır. Tələbələrin də məlumatlar səsləndirdiyi tədbirdə kollecin direktoru Vilayət İsmayılov çıxış edərək  Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətindən bəhs etmişdir. İlk olraq Osmanlı dövləti, daha sonra isə Gürcüstan və İranla qurduğu siyasi əlaqələrdən danışmışdır. Tədbir Heydər Əliyevin  Respublika günü münasibətilə keçirilən təntənəli mərasimdə söylədiyi fikirlə tamamlanmışdır: “Sizi Azərbaycanın milli bayramı - İstiqlaliyyət, Respublika günü münasibətilə təbrik edirəm və bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram. 1918-ci ildə ilk dəfə Azərbaycanda müstəqilliyin elan edilməsi və müstəqil yaşamaq üçün Xalq Cümhuriyyətinin qurulması çox ağır və çətin bir şəraitdə keçmişdir. Azərbaycanın istiqlaliyyətini elan edənlər, Xalq Cümhuriyyətini qurub-yaradanlar və ona sona qədər sadiq olan insanlar Azərbaycanın ən mötəbər, ən görkəmli insanlarıdır. Xalq Cümhuriyyətinin rəhbərləri Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, onların silahdaşları və o illərdə müstəqillik uğrunda mübarizə aparan və hakimiyyət orqanlarında fəaliyyət göstərən insanlar Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaqlar. Onlar Azərbaycan xalqının tarixinə böyük və dəyərli şəxsiyyətlər kimi daxil olmuşlar.”