Bakı İdman Sarayında Qazaxıstan universitetlərinin təhsil sərgisi keçirilib

Bakı İdman Sarayında Qazaxıstan universitetlərinin təhsil sərgisi keçirilib. Sərgi bu ölkənin elm və ali təhsil naziri Sayasat Nurbekin rəhbərliyi ilə Qazaxıstanın bir sıra ali təhsil müəssisələrinin rektorlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində təşkil olunub.

Açılışda çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bu hadisənin ölkələrimiz arasında münasibətlər üçün tarixi əhəmiyyətini vurğulayıb. Sərginin Azərbaycanda ilk dəfə keçirildiyini qeyd edən səfir təhsil sahəsində əməkdaşlığın iki dövlət arasında münasibətlərin inkişafında fundamental amilə çevriləcəyinə əminliyini ifadə edib.

Elm və təhsil naziri Emin Əmrullayev sərgi barədə məlumat verərək vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər, bir çox digər sahələrdə olduğu kimi, təhsil istiqamətində də fəal inkişaf edəcək. Sərginin işinə uğurlar arzulayan nazir qeyd edib ki, tələbələr çoxlu maraqlı məlumatlar əldə edə biləcəklər.

Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bildirib ki, sərgidə ölkənin aparıcı universitetləri təmsil olunur. “Məqsədimiz regionda bütün türkdilli ölkələr üçün güclü akademik və tədqiqat mərkəzi yaratmaqdır. Biz Qazaxıstana 47 elmi müəssisə və universitet cəlb edə bilmişik, onların arasında İspaniya, Böyük Britaniya, Çin, Cənubi Koreya, Türkiyə, ABŞ, Fransa, Almaniya və digər ölkələrdən nümayəndələr də var”, - deyə nazir qeyd edib.

Sərgidə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Əzizov Ülvi və bir sıra tələbələri iştirak edib. Sərginin açılışında keçirilən lotareya oyununda isə kollecin TGT sədrinin müavini və tələbəsi İsmayılzadə Ömər qaliblər sırasında yer alaraq mükafat qazanıb. Daha sonra isə tələbələr sərgini gəzib ətraflı məlumatlar əldə ediblər. Sonda xatirə fotosu çəkilib.