UNEC nəzdində Qida Sənayesi Kollecində “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib


    29 may 2025-ci il tarixində UNEC nəzdində Qida Sənayesi Kollecində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Ədalətli Cəmiyyət Gənclərin Əli ilə Qurulur” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin məqsədi gənclərin insan hüquqları sahəsində məlumatlılığını artırmaq, onların cəmiyyətin inkişafında və ədalətli sosial mühitin formalaşmasında fəal iştirakının vacibliyini vurğulamaq olmuşdur.
    Tədbirdə kollecin müəlliməsi Amirə Ədilova çıxış edərək, insan hüquqlarının mahiyyəti, beynəlxalq və yerli qanunvericilikdə bu hüquqların əks olunması, hüquq və azadlıqların müdafiəsində gənclərin rolu barədə ətraflı mühazirə ilə çıxış etmişdir. O, xüsusilə vurğulamışdır ki, ədalətli və hüquqa əsaslanan cəmiyyətin qurulmasında gənc nəslin maarifləndirilməsi, onların fəal vətəndaş kimi yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir.
     Mühazirə interaktiv şəkildə keçirilmiş, tələbələrin sualları cavablandırılmış, fikir və təklifləri dinlənilmişdir. Tələbələr insan hüquqları ilə bağlı şəxsi baxışlarını və cəmiyyətdəki müşahidələrini bölüşmüş, sosial ədalət və hüquqi bərabərlik mövzularında aktiv müzakirələr aparmışlar.
   Tədbirin sonunda iştirakçılara “İnsan hüquqları hər kəs üçündür” devizi ilə broşürlər paylanmış və gənclərin bu istiqamətdə biliklərinin artırılmasının davamlı şəkildə təşviq olunacağı bildirilib.
    Bu cür tədbirlər gənclərin hüquqi savadlılığının yüksəldilməsinə, onların vətəndaş cəmiyyətinə inteqrasiyasına və hüquq mədəniyyətinin inkişafına töhfə vermək məqsədi daşıyır.