“Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi” mövzusunda elmi-praktik dəyirmi masa

UNEC nəzdində Qida Sənayesi Kollecində Azərbaycan dilçiliyinin aktual problemlərinə həsr olunmuş “Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi” mövzusunda elmi-praktik dəyirmi masa təşkil edilmişdir.

Tədbirin əsas məqsədi Azərbaycan dilinin dialektoloji xüsusiyyətlərinin sistemli şəkildə öyrənilməsi, regional dil fərqliliklərinin elmi əsaslarla tədqiqi, bu dil vahidlərinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində elmi yanaşmaların müzakirə olunması olmuşdur.

Azərbaycan dilinin dialekt və şivələri xalqın tarixi, etnoqrafik xüsusiyyətləri və mədəni-mənəvi irsinin mühüm tərkib hissəsini təşkil edir. Bu baxımdan dialektoloji materialların toplanılması, sistemləşdirilməsi və elmi şəkildə araşdırılması dilçilik elminin mühüm istiqamətlərindən biri sayılır.

Müxtəlif bölgələrə məxsus dialekt və şivə xüsusiyyətlərinin qorunması Azərbaycan dilinin leksik, fonetik və qrammatik zənginliyinin saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu sahədə aparılan tədqiqatların müasir dilçilik metodları əsasında genişləndirilməsinin və təhsil prosesində tətbiqinin vacibliyi diqqətə çatdırılmışdır.

Tədbir zamanı dialektlərin öyrənilməsində qarşıya çıxan problemlər, onların elmi təsnifatı, eləcə də regionlar üzrə dil xüsusiyyətlərinin müqayisəli təhlili ilə bağlı fikir mübadiləsi aparılmış, iştirakçılar mövzu ətrafında elmi diskussiya şəklində müzakirələrə qoşulmuşlar.

Dəyirmi masa ümumilikdə Azərbaycan dilinin saflığı,dialektoloji araşdırmalarının inkişafı, milli dil irsinin qorunması və elmi tədqiqatların genişləndirilməsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilmişdir.