Qarabağın Dirçəlişi və Böyük Qayıdış: Kollecimizdə Maarifləndirici Görüş

UNEC nəzdində Qida Sənayesi Kollecində Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin məqsədi tələbə və əməkdaşları Dövlət Proqramının əsas istiqamətləri, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, sosial-iqtisadi inkişaf strategiyası və Böyük Qayıdış prosesinin əhəmiyyəti barədə məlumatlandırmaq olmuşdur.

Dövlət Proqramı işğaldan azad olunmuş ərazilərdə müasir infrastrukturun yaradılması, dayanıqlı məskunlaşmanın təmin edilməsi, iqtisadi fəaliyyətin bərpası, məşğulluğun artırılması və əhalinin doğma yurdlarına təhlükəsiz şəkildə qayıdışının təşkili istiqamətində mühüm tədbirləri əhatə edir. Böyük Qayıdış prosesi təkcə məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını deyil, eyni zamanda həmin ərazilərin ölkənin sosial, iqtisadi və mədəni həyatına yenidən inteqrasiyasını təmin edən strateji dövlət siyasətidir.

Tədbirdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yeni təhsil, səhiyyə və digər sosial infrastruktur obyektlərinin yaradılması barədə ətraflı məlumat verilmişdir. Həmçinin Böyük Qayıdış proqramının milli həmrəyliyin möhkəmləndirilməsi, tarixi ədalətin bərpası və regionun davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılmışdır.